dayaq.az

Baxılıb : 1143 dəfə

Bir müddət öncə Dayaq Könüllülər Klubuna Sumqayıtda dayanacaqda gününü keçirən (orda da gecələyən) iki qadın haqqında məlumat verdilər. Dayaq Könüllüləri olaraq məlumat verilən həmin əraziyə gedərək qadınlara dəstək olmağa çalışdıq. Çox soyuq olmasına baxmayaraq dayanacaqda daşın üzərində nazik parçaya bürünərək uzanmış vəziyyətdə bu qadınları görmək çox üzüntülü idi. Həmin qadınları isti bir yerə aparmağı təklif etsək də, onlarda psixi problem olduğundan ilk öncə bizimlə təklif etdiyimiz sığınacağa getməkdən imtina etdilər. Bir müddətdən sonra qadınların yaşayış binasının bloklarından birində məskunlaşdığı xəbəri verildi. Dayaq könüllüləri bu qadınları isti yeməklə və soyuqdan qorumaq üçün örtüklərlə təmin etdi. Qonşulara çətinlik olmasın deyə könüllülərimiz blokun zirzəmisinin təmizliyi ilə də məşğul oldular. DKK araşdırmasından məlum oldu ki, bu qadınlar iki bacıdır- Almaz və Elmira. Biləcəri qəsəbəsində mənzilləri olmasına baxmayaraq özlərinə baxma gücü olmadığından qonşuların şikayəti ilə ruhi dispanserə yerləşdiriliblər. Sonradan bu qadınların nə şəkildə Sumqayıtda olması məlum deyil. Qadınların qardaşlarının oğlu olsa da onlara baxmaqdan imtina edib. Bu iki bacının küçələrdə qalmasına baxmayaraq, onlara heç kimsə sığınacaq vermədi. Dayaq könüllüləri isə bu qadınları darda qoya bilməzdi. DKK səyi nəticəsində qadınlar çimizdirilib təmizləndi (himayəmizdə olan Samirə ana tərəfindən) və yaşayış yeri ilə təmin olundu. Hal-hazırda aylarla küçələrdə əksəriyyətinin gördüyü bu iki qadın DKK hesabına isti mənzil (kirayə mənzillə) və qida ilə təmin olunub. Evin aylıq kirayə haqqı 60 azn-dir. Həmçinin bu qadınlara 70 azn-lik ərzaq alınaraq və evin istiliklə təmini üçün 5 azn qaza ödəniş edilərək yardım edildi. Qadınların psixoloji sıxıntıları olduğu üçün himayəmizdə olan Samirə ana onlara günboyu nəzarət etməyi öz üzərinə götürdü. Bu iki bacı uzun müddət soyuq yerlərdə, küçələrdə qaldığı üçün onların həkim müayinəsinə və yeni geyimlərlə təmin olunmağa ehtiyacı var. Bu iki qadına acınacaqlı hallarında yardım edərək onlara dəstək olan, qayğı göstərən və bütün bu xeyirxah işdə zəhməti keçən hər bir könüllümüzə minnətdarlığımızı bildiririk. Çox sağ olun, yaxşı ki, varsınız !