HAQQIMIZDA:

Əziz həmvətənlər!
"Dayaq" Könüllülər Klubu fərqli yaş kateqoriyalarına və fəaliyyət sferalarına aid olan, lakin eyni ülvi dəyərləri paylaşan və xeyriyyəçilik məqsədləri ilə bir araya gəlmiş insanlardan ibarətdir. İnsanpərvər və xeyirxah yoldaşların əvəzsiz dəstəyi nəticəsində Klubumuzun üzvlərinin sayı 2000-ci ildən bu günə qədər əhəmiyyətli səviyyədə artmış və çox sevindirici haldır ki, bu artım gördüyümüz işlərin keyfiyyət yüksəlişi ilə də müşayiət olunmuşdur.


Fəaliyyətimizin əsas istiqaməti maddi, sağlamlıq və digər sosial çətinlikləri olan insanlara və onların ailələrinə mümkün yardımın göstərilməsindən ibarətdir. Azərbaycan Dövləti tərəfindən yoxsulluğun azaldılması, əhalinin sağlamlığının yaxşılaşdırılması və digər humanitar sahələr üzrə həyata keçirilən tədbirlər olduqca effektiv və əhəmiyyətlidir. Bu işlərə dəstək olmaq məqsədilə Klubumuz da müxtəlif növ xəstəliklərdən əziyyət çəkən, əmək qabiliyyətini və ya ailə başçısını itirmiş, yaşayış şəraiti dözülməz olan, minimal həyati ehtiyaclarını qarşılaya bilməyən insanları axtarır, onların vəziyyətini dəyərləndirir (tibbi sənədlər, fəaliyyət qabiliyyəti göstəriciləri və s. mənbələr əsasında) və onlara "Dayaq" olmağa çalışır.


Qeyd olunan işlərin effektiv təşkili məqsədilə Klubun Facebook səhifəsi (DAYAQ Könüllülər Klubu) artıq bir neçə ildir ki, fəaliyyət göstərir. Bu səhifə vasitəsilə və xeyirxah izləyicilərimizin töhfələri sayəsində yardım edə biləcəyimiz insanların əhatə dairəsi genişlənmişdir.


Hal-hazırda diqqətinizə təqdim edilmiş internet səhifəsi də "Dayaq" fəaliyyətinin bir hissəsidir. Ümid edirik ki, bu səhifə daha çox sayda xeyirxah və yardım-sevər insanların xeyriyyə işlərinə qoşulmasına xidmət edəcəkdir. Məhz bu səhifə vasitəsilə Sizlər dəstəyə ehtiyacı olan insanlar və ailələr barədə məlumat əldə etmək, onların çətinliklərini müstəqil dəyərləndirmək, yardımlaşma nəticəsində əldə edilmiş nəticələrlə tanış olmaq, məlumatları digərləri ilə paylaşmaq və s. imkanlar əldə etmiş olursunuz.


Bütün xeyir-sevər insanları bu ülvi məqsədlərə aparan yolda bizlərlə cəm olmağa dəvət edirik. Birləşərək daha çox insanlara "Dayaq" ola bilərik.


Sən də "Dayaq" ol!